Şimali İrlandiya - Azərbaycan matçına çarter reysi açıldı

Bəlkə Şimali İrlandiya – Azərbaycan oyununu meydanında izləyək? Üstəlik, oyunun baş tutacağı şəhərə - Belfasta çarter reysi ilə uçaq! Niyə də yox?!

AFFA milli yığmamıza növbəti səfər oyununda dəstək olması üçün saysız-hesabsız yerli futbol azarkeşini bir araya gətirir. İlk rəqibi San Marino yığmasından 3 xal qoparan, doğma meydanda Norveçi xalsız qoyan, Çexiya seçməsi ilə heç-heçə oynayan milli komandamızın növbəti hədəfi Şimali İrlandiyadır. AFFA DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yerli azarkeşlərimizə əsl futbol bayramı sevinci yaşadır. Noyabrın 11-də, Belfastdakı "Vindzor Arena"da baş tutacaq Şimali İrlandiya - Azərbaycan matçına çarter reysini açır.

İdman marketinqi ilə məşğul olan “Sport Marketing Group” şirkəti milli komandamızın səfər oyununa dəstək çərçivəsində keçiriləcək bu kampaniyada operator olmaq təşəbbüsünü irəli sürüb. “Vindzor Arena”da millimizin oyununu dəstəkləmək istəyirsinizsə, şirkətin kampaniya üçün açdığı belfast@niyedeyox.az elektron ünvanına yazaraq biletlərinizi əldə edə bilərsiniz.

SMG şirkəti futbolu meydanında izləmək istəyən azarkeşlər üçün www.niyedeyox.az saytını da aktivləşdirib. Sayta daxil olaraq sizə təklif olunan 3 variantdan birini seçə və biletinizi onlayn formada sifariş edə bilərsiniz.

İlk variantda 900 AZN-lik paket təklif olunur ki, buraya yalnız çarter reysinin qiyməti daxildir. Oyunu izləməyə gedənlər otel və nəqliyyat sifarişini etməyə özləri məsuldurlar.

İkinci təklif paketinin qiyməti isə 2250 AZN olacaq. Bu qiymətə Belfastın mərkəzində yerləşən 4 ulduzlu “Europa” və “Malmaison” otellərində 3 gecəlik rezervasiya, çarter reysinin qiyməti, hava limanı-otel, otel-stadion-hava limanı istiqamətində nəqliyyatın təmin edilməsi daxildir.

Saytda təklif olunan üçüncü – 1750 AZN-lik təklif paketinə isə Belfastın mərkəzində yerləşən “Tara Lodge” və ya “Ibis” oteldə 3 gecə qalmaq, eyni zamanda çarter reysinin qiyməti, hava limanı-otel, otel-stadion-hava limanı istiqamətində nəqliyyatın təmin edilməsi daxildir.

Düşünün ki, 18 614 tamaşaçı tutumu olan “Vindzor Arena”da millimizlə çiyin-çiyinə dayanacaq seçmə azarkeşdən biri siz ola bilərsiniz! Qələbə üçün səfərdə milli yığmamızla birlikdə oyun sevincini meydanında yaşayacaq yerli azarkeşdən biri siz ola bilərsiniz! Xəyalları yaşamaq vaxtıdır! Niyə də yox?!