Tarix

Bakı Olimpiya Stadionu 68700 tamaşaçı tutumlu, UEFA, FİFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib.

Bakı Olimpiya Stadionu dünyanın yeddinci ən yaxşı stadionu seçilməklə yanaşı 2019-cu ildən etibarən UEFA Elit Stadionların siyahısına əlavə olunmuşdur.

2008-ci ildə ilkin mərhələ olaraq stadionun dizayn işləri başladı. Tenderdə bir neçə yerli və xarici şirkətlərin təklifi nəzərə alındı. İqtisadi səmərəlilik, müasirlik, şəhərin arxitekturasına uyğunluq həmçinin texniki xüsusiyyətlər nöqteyi nəzərdən təşkilatçılar Türkiyə şirkətinin təklif planını qəbul etdilər və bunun əsasında dizayn işləri davam etdirildi.

Stadion ərazisinin hazırlığı ARDNŞ-nin tikinti şirkəti tərəfindən həyata keçirildi. İlkin işlərə yaşıllaşdırma, stadionun bünövrəsini möhkəmlətmə və tam miqyaslı tikinti xidmətləri göstərilməsi üçün gələcək tenderlərin inkişaf planı aid idi.

Bakı Olimpiya Stadionunun təməl qoyma mərasimi 6 iyun 2011-ci ildə yəni Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf etmişdir. Mərasimdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, Yozef Blatter, Mişel Platini, dünya futbol ictimaiyyətinin görkəmli simaları, futbol veteranları və bir sıra qonaqlar iştirak etmişdir. Cənab prezident İlham Əliyev simvolik metal gilizi stadionun bünövrəsinə buraxdı.

Bakı Olimpiya Stadionu futbol üzrə Azərbaycan milli komandasının ev oyunları ilə yanaşı, beynəlxalq idman tədbirlərinə və konsertlərə ev sahibliyi etmək üçün hazırlanmışdır. Stadion FİFA və UEFA-nın yüksək texniki tövsiyyələrini və elit stadionlar üçün öhdəçilikləri ödəməklə avtomatik olaraq Avropa Futbol Çempionatlarına ev sahibliyi etmə şansı qazanır. Buna qədər stadion 1ci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinə və atletika idman növünə, UEFA U-17 Avropa Çempionatına , UEFA Çempionlar və Avropa Liqaları üzrə qrup mərhələdə "Qarabağ" FK-un oyunlarına, futbol üzrə Dünya və Avropa Çempiontaları, Millətlər Liqası çərçivəsində "A" Milli yığma komandasının oyunlarına, UEFA Avropa Liqasının finalına ev sahibliyi etmiş və AVRO-2020 Avropa Çempionatının qrup və ¼ final mərhələsinə ev sahibliyi edəcək.