Tərəfdaşlıq müqaviləsinin müddəti uzadılıb

AFFA ilə Hyundai-nin ölkəmizdəki rəsmi distribüteri olan Auto Azərbaycan şirkəti arasında tərəfdaşlıq müqaviləsinin müddəti uzadılıb. Bakı Olimpiya Stadionunda keçirilən imzalanma mərasimindən sonra Auto Azərbaycan şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə rəmzi açarı AFFA-nın baş katibi Elxan Məmmədova təqdim edib. E. Məmmədov isə üzərində Azərbaycan milli komandasının futbolçuarının imzası olan futbolkanı şirkətə hədiyyə edib.

“Auto Azərbaycan” şirkəti artıq 3 ildir ki, AFFA-nın rəsmi tərəfdaşıdır. Şirkət bu müddət ərzində AFFA-nın bütün qarajını Hyundai avtomobilləri ilə təmin edib. Tərəfdaşlıq müqaviləsinin daha 3 il müddətinə uzadılması ilə AFFA-nın qarajındakı avtomobillər yenilənəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov: “Artıq 4-cü ildir ki, AFFA Hyundai şirkəti ilə əməkdaşlıq edir. İlk əməkdaşlıq müqaviləmiz 2012-ci ildə imzalanıb və bu gün həmin müqavilənin müddəti uzadıldı. Sevindirici haldır ki, ötən müddət ərzində dünyanın tanınmış brendi olan Hyundai, Azərbaycan futbolunun yanında olub və bu əməkdaşlıq davam etməkdədir. Ölkə futboluna verdiyi töhfələrə görə AFFA rəhbərliyi adından Hyundai-nin Azərbaycandakı rəsmi təmsilçisi olan “Auto Azərbaycan” şirkətinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Auto Azərbaycan şirkətinin rəhbəri Nasir Seyidzadə: “Bu gün biz böyük məmnuniyyətlə, AFFA ilə müqaviləmizin uzadılmasını qeyd edirik. Geridə qoyduğumuz 4 il ərzində milli komanda ilə tərəfdaşlıq Hyundai markasının təbliğatında çox önəmli rol oynayıb. Milli komandanın rəsmi avtomobili kimi, çoxmilyonlu futbol azarkeşlərinə xitab etmək bizim üçün çox önəmlidir. Bu gün, milli komandamızın uğurları bizi çox sevindirir və milli komanda ilə, AFFA ilə tərəfdaş olmaq bizim üçün qürurvericidir”.

Mərasim başa çatdıqdan sonra xatirə şəkli çəkdirilib.

“Hyundai” markasının Azərbaycandakı rəsmi distribütoru “Auto Azərbaycan” şirkətidir. 1996-cı ildən fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. 20 il ərzində 50 000-dən artıq şəxs Hyundai avtomobilləri alıb. Ölkə ərazisində Hyundai markasının 12 satış və servis mərkəzi fəaliyyət göstərir. Rəsmi dilerlərdə bütün model sırası təmsil olunur. Müasir diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində isə qısa müddətdə avtomobilə keyfiyyətli baxış, kamera vasitəsilə qeydə alınan zəmanətli təmir işləri həyata keçirilir.