27 sentyabr - Anım Günü ilə əlaqədar bir dəqiqəlik sükut zamanı Bakı Olimpiya Stadionunun (BOS) daxili monitor və reklam panellərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilməsi qərarı alınmışdır.
Bakı Olimpiya Stadionunun fasadı "Vətən Müharibəsi"nin başladığı vaxtdan etibarən 44 gün ərzində Azərbaycan Bayrağı və “Qarabağ Azərbaycandır!” şüarı ilə işıqlandırılmışdır. Bu il də əziz şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Bakı Olimpiya Stadionunun fasadı gündüz saatları istisna olmaqla 26 Sentyabr 23:00-dan 28 Sentyabr 04:00-a kimi hər zamankı rəngləri ilə deyil məhz Azərbaycan Bayrağı kimi işıqlandırılacaq.
Bugün saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Bakı Olimpiya Stadionunda da şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Anım mərasiminə stadionun direktoru Cavid Qarayev başda olmaqla stadionun baş ofisinin və icarədarların əməkdaşları, Cüdo və Futbol üzrə milli komandalarımızın baş məşqçiləri, AFFA Hakimlər Komitəsinin sədri və digər hakimlər iştirak ediblər. Bir dəqiqəlik sükutdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.