Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün davam edən yarışlar əsl idman və həmrəylik bayramına çevrildi, bir çox maraqlı məqamlar və parlaq qələbələrlə yadda qaldı. Bu axşam isə Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimin şahidi olacağıq.
Bu gün “Bakı-2017”nin uğurunu şərtləndirən iki amili xatırlatmaq yerinə düşər. Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Bakının 16 idman arenası bu on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyir: “Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. İslam Həmrəyliyi İdman Federasiyası adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq”.
Azərbaycan Respublikasının gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov vurğulayır ki, Oyunlar İslam ölkələrinin dostluğunu təcəssüm etdirdi: “IV İslam Həmrəyliyi Oyunlarının həyəcan dolu 10 günü idman, bayram və dostluğun təntənəsindən xəbər verir. “Bakı-2017” Əməliyyat Komitəsinin işinin başa çatmasına baxmayaraq, paytaxt şəhərimizin dünyada beynəlxalq idman və mədəniyyət mərkəzi kimi fəaliyyəti davam edir. Biz Bakıda bu yay keçiriləcək Formula-1 Azərbaycan Qran-Pri turnirində, 2017-ci ildə qadınlar arasında Avropa voleybol çempionatında və 2020-ci ildə UEFA-nın Avropa çempionatının dörddəbir final oyunlarında və üç qrup qarşılaşmasında bütün dünyanı yenidən salamlamağı arzulayırıq”.
Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Belə ki, Bakı ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu.
Statistikaya nəzər salaq. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.
“Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi, o cümlədən Oyunların rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın 70-dək əməkdaşı işıqlandırıb.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurub. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanıblar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.
Türkiyə ikinci (194 medal), İran üçüncü (97 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləməsi və qaliblərə medalları şəxsən təqdim etməsi Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirib.
Foto: Azərtac