AFFA-nın və Bakı Olimpiya Stadionunun təşkilatı dəstəyi ilə bu gün Hakimlər Komitəsi tərəfindən idman jurnalistləri üçün seminar keçirilib.
Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi, köməkçi hakimlərin inkişafı üzrə türkiyəli mütəxəssis Tarık Ongunun iştirakı ilə keçirilən seminarda oyun qaydalarına edilmiş dəyişikliklər haqda məlumat verilib, UEFA-nın ən son yeniliklərlə bağlı təlimatları media nümayəndələrinin diqqətinə çatdırılıb. Seminarda FIFA-nın UEFA-nın nüfuzlu turnirlərində mübahisə doğuran epizodları nümayiş etdirilib, mütəxəssislər hər bir epizodu ayrı-ayrılıqda şərh ediblər. Daha sonra Barış Şimşek və Tarık Ongun idman jurnalistlərinin nümayiş etdirilən epizodlar və ümumilikdə AFFA Hakimlər Komitəsinin fəaliyyəti ilə bağlı maraq doğuran suallarını cavablandırıblar. Seminarın son bölümündə İdman jurnalistləri Paşa Sığorta VAR otağında AFFA VAR Mərkəzinin iş rejimi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. VAR layihəsinin koordinatoru Fəridə Lütfəliyeva AFFA VAR Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verib. VAR mərkəzində yaradılan şəraitlə tanış olan media nümayəndələri referilər Cavid Cəlilov və Kamran Bayramovun iştirakı ilə VAR protokoluna əsaslanan iş mexanizmi ilə əyani şəkildə tanış olublar.