Əfsanəvi fristayler Sean Qarnyer – MFL All Stars qarşılaşması baş tutdu!

Azərbaycanda həvəskar futbolu peşəkar səviyyədə küçələrdən meydanlara gətirən Mini Futbol Liqası – MFL Fransanın əfsanəvi futbol fristayleri Sean Qarnyeri öz meydanına gətirib.

İyunun 7-də “Sportster” idman meydançasında saat 21:00-da baş tutmuş görüş AFFA-nın tərəfdaşlığı, Bakı Olimpiya Stadionunun dəstəyi, eləcə də McDonald’s, Universal, Baku City Hospital, Muğanbank, Retro Punk, RedBull-un sponsorluğu ilə gerçəkləşdirilib. Tədbirin təşkilatçısı “Sport Marketing Group” şirkəti olub.

Tədbiri izləməyə gələnlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, UEFA-nın baş katibi Teodor Teodoridis, Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev, "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov, MFL-in direktoru Rəhman Hacıyev, tədbirin təşkilatçısı “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov, eləcə də sponsorların nümayəndələri olublar.

150-dən çox azarkeşin izləməyə gəldiyi oyundan əvvəl komandanın legioneri, “vuran ayağı”, MFL-də 2 kubokun və 1 liqanın iştirakçısı Nəcməddin Zalıyevə həvəskar futbolda göstərdiyi nümunəvi oyuna görə təşəkkürnamə təqdim olunub. Qeyd edək ki, oyunçu bu yaxınlarda Amerikaya gedəcək. Fristayler Sean Qarnyer də, öz növbəsində, Nəcməddinə bu yeni, həyəcanlı səfərində uğurlar arzulayıb.

Daha sonra fransalı fristayler Mini Futbol Liqasının ən güclülərindən ibarət “A” və “B” konferensiyalarının “MFL All Stars” yığmasına qarşı çıxıb. Konferensiyaların heyəti mayın 25-dən 31-dək MFL-in rəsmi facebook səhifəsində keçirilən səsvermə əsasında təyin olunub.

Eyni zamanda MFL səsvermə üçün xüsusi “wildcard” seriyasını da buraxıb. Bu seriya üzrə “A” və “B” konferensiyaları üçün oyunçuların seçimi təşkilatçılar və sponsorlar tərəfindən gerçəkləşdirilib.

Sean Qarniyerin komandası ilk olaraq “A” Konferensiyasının heyəti ilə meydanda üz-üzə gəlib. 30 dəqiqə davam edən oyun fristaylerin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyunda zədələnsə də, Sean fasilə kimi azarkeşlərə kiçik fristayleri şousu göstərib. 15 dəqiqəlik fasilədən sonra qonaqlar meydanda “B” konferensiyasını qarşılayıblar. İkinci oyunda qüvvələr də, hesab da bərabər olub – 3:3.

Oyundan sonra Sean Qarnyer və komandası azarkeşlərlə görüşüb, onlarla xatirə şəkilləri çəkdirib. Eyni zamanda “Papa John`s” komandasının oyunçuları öz formalarını imzalayaraq Sean Qarnyerə xatirə olaraq hədiyyə ediblər.

Qeyd edək ki, tədbir zamanı AFFA milli yığmamızın Şimali İrlandiya ilə baş tutacaq möhtəşəm matçına pulsuz biletlər, Baku City Hospital pulsuz müayinə kuponları, McDonald`s isə pulsuz kuponlar hədiyyə etdi.