BOS-da Uels-Isveçrə oyunu baş tutdu

İyunun 12-də futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Uels - İsveçrə matçı heç-heçə başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən matçda komandalar bir neçə dəfə təhlükəli vəziyyət yaradıblar. Lakin komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsində qapılara top vurulmayıb.

Bakı Olimpiya Stadionunda İsveçrə millisinin hücumçusu Breel Embolo adını tabloya yazdırıb. Matçın 49-cu dəqiqəsində künc zərbəsindən hava ötürməsini başla dəqiq zərbə ilə tamamlayan futbolçu Bakıda vurulan ilk qolun müəllifi olub.

Bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan Uels komandası 74-cü dəqiqədə istəyinə çatıb. Künc ötürməsindən sonra topa başla zərbə vuran Kieffer Mur hesabda tarazlığı bərpa edib.

Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol videonəzarət (VAR) sistemində baxıldıqdan sonra qeydə alınmayıb.

Qalan dəqiqələrdə də İsveçrə komandası hesabı dəyişmək üçün təzyiqi artırsa da, istəyinə çata bilməyib və matç 1:1 hesabı ilə başa çatıb.