Bakıya gələcək ulduz futbolçular siyahısına Andrey Arşavin də qoşuldu!

Martın 3-də, saat 11:00-da Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma keçiriləcək.

Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze Nihat Kahveci, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avropa Liqası Final-2019-a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Qeyd edək ki, Bakıya gələcək ulduzlar siyahısına daha bir futbolçu əlavə olunub. Söhbət Rusiya futbolunun əfsanələrindən olan Andrey Arşavindən gedir. Uzun müddət Rusiya millisinin kapitanlıq sarğısını daşımış təcrübəli yarımmüdafiəçi İngiltərədə “Arsenal” forması ilə göstərdiyi oyun və vurduğu qollarla azarkeşlərin ürəyini fəth edib. “Zenit”in yetirməsi olan Arşavin 2007-ci ildə doğma klubu ilə UEFA Kubokunu da başı üzərinə qaldırıb, üstəlik, həmin finalın ən yaxşı oyunçusu seçilib.

Paytaxt sakinləri hər kəsə açıq olacaq bu möhtəşəm qarşılaşmanı yalnız izləməyəcək, eyni zamanda, müsabiqədə iştirak etməklə futbol ulduzları ilə eyni meydanı paylaşmaq şansı qazanacaqlar.

Bunun üçün iştirakçılar hər hansı maraqlı futbol hərəkətlərini və ya qol vurduqları anı videoya çəkməli, videonu şəxsi “facebook”, “instagram” və “youtube” hesabından #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər. Videoda iştirakçının üzü aydın görünməli və görüntü 10 saniyəni keçməməlidir. Müsabiqənin qalibini münsiflər heyəti təyin edəcək. Qeyd edək ki, www.finalbaku2019.az saytında qeydiyyatdan keçməyən iştirakçıların paylaşımı qəbul olunmayacaq.

Qeydiyyatdan keçmək üçün https://goo.gl/forms/4Y6NCWnefozlxzpB2 keçidinə daxil olmaq, qeydiyyat formasını doldurmaq və əsası, paylaşılan videonun linkini müvafiq xanada qeyd etmək lazımdır.

Müsabiqənin qaydaları ilə bağlı ətraflı məlumatı https://finalbaku2019.az/allstar keçidindən əldə edə bilərsiniz.

“Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar, eləcə də müxtəlif oyunlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 10:00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, www.finalbaku2019.az saytında fəaliyyət göstərən “Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün səhnədə mükafatlandırılacaq.