Birlik, xeyirxahlıq, İnsanları həmrəylik məqsədləri ətrafında birləşdirmək, gəncləri fiziki cəhətdən daha güclü olmağa həvəsləndirmək, pozitivliyi təşviq etmək.... Bunlar Bakıda keçirilən marafonun əsas dəyərləri idi. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edirdi.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən marafona Mayn 1-də səhər saat 10-da Dövlət Bayrağı Meydanından start verildi. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, Bakıda yaşayıb-çalışan 500-dək əcnəbi qoşulmuşdu. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında idi. Marafonda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən nümayəndələr iştirak edirdi.
BP AZƏRBAYCANDAKI PREZİDENTİ QORDON BİRRELL: "Bu şəhər üçün çox yaxşıdır, burada BP- dən əməkdalar var. biz Bakını ən gəşəng yerləri ilə qaçacayıq, belə tədbirin keçirilməsi çox gözəldir".
Təhsil naziri MİKAYIL CABBAROV: "Bu tarixi hadisədir, bizim gözümüzün önündə gözəl, xeyirxah ənənə yaranır. Bizim ölkə digər öndəgedən ökələrin sirasındadır. Bu günki tədbir də bunun sübütudur. Burada azərbaycanlılarla yanaşı xarici ölkələrdən gələnlər var. bu da onu göstərir ki, birinci marafon olmasına baxmayaraq, maraq olduqca böyükdür".
MİLLƏT VƏKİLİ RAUF ƏLİYEV: "Burada sadə vətəndaşlar, idmançılar, diplomatlat, səfirliklərin nümayəndələri var. Biz bilirik ki, bu marafon xaricdə ənənə xarakteri daşıyır, bu gün bunun Azərbaycanda keçirilməsi böyük hadisədir. Düşünürəm ki, bizdə də bu ənənəyə çevriləcək".
Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açdı.
Yarım marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verildi. İştirakçılar Dənizkənarı Milli Parkdan başlayaraq “Neftçilər” prospekti, Yusif Səfərov küçəsi ilə qaçdılar. Daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol qət etdilər. Marşrut boyu iştirakçıların su və digər zəruri ehtiyacları ödənilib, onlar ilkin tibbi yardımla təmin olundu. Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırıldı. Marşrut boyu ümumilikdə 5 avtobus dayanacağı fəaliyyət göstərirdi.
QURBAN QURBANOV: "Marafonun məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir. Marafona 16 yaşdan yuxarı 7 mindən çox iştirakçı qeydiyyatdan keçib. Qeydiyyat üçün fiziki əxslər 20 manat, korporativ iştirakçılarisə 100 manat ödəyib. Tələbərin qeydiyyat pulunu isə heydər əliyev fondu ödəyib".
Yarışın finiş xətti və medal təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda keçirildi. Marafonda kişilər arasında finişə birinci Namiq Əsədov, Gürcüstan vətəndaşı Georqi Dameniya ikinci və Tural Sadıxlı isə üçüncü çatdı. Qadınlar arasında Rahidə Aslanova birinci, Nataşa Pitersen (Böyük Britaniya) ikinci, Rəqsanə Rəcəbli isə finişi üçüncü başa vurdu. birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olundu.
Marafon günü Bakı Olimpiya Stadionunda təşkil olunan fan-zonalar hər kəs üçün açıq idi. Uşaqlar və böyüklər üçün 20-dən çox əyləncə növü – futbol, lotereya oyunları, mini-sirk, animatorlar və konsert 20 min kvadrat metr ərazidə təşkil edilmişdi. Bakı Olimpiya Stadionunda, həmçinin Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi Volkicar şou təqdim olunurdu.
Bu cür marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. İndi dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir. Bakı Marafonunun növbəti illərdə də keçirilməsi nəzərdə tutulub. Məqsəd bakı marafonunu prestijli idman tədbirinə çevirmək və azərbaycan idman tarixində yeni mədəniyyət formalaşdırmaqdır