AVRO-2020: Türkiyə, İsveçrə və Uels Bakıda oynayacaq

Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.

Ev sahibi olaraq Bakı və Roma UEFA tərəfindən cüt şəhərlər olaraq müəyyənləşdirildiyi üçün A qrupunda İtaliya milli komandası bütün ev oyunlarını “Olimpiko” stadionunda keçirəcək. Türkiyə milli komandasının İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə – Uels görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar UEFA İcraiyyə Komitəsinin 2012-ci ildə qəbul etdiyi qərara əsasən, turnir 2020-ci ildə qitənin 12 şəhərində gerçəkləşəcək. Çempionatın açılış oyunu iyunun 12-də İtaliyanın paytaxtı Roma şəhərində olacaq və Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Yarımfinal oyunları və final qarşılaşması Londonun "Uembli" stadionunda keçiriləcək.

A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 15:00

Uels - İsveçrə

17 iyun, saat 18:00

Türkiyə - Uels

21 iyun, saat 18:00

İsveçrə - Türkiyə

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

Qeyd: Oyunların başlanma saatı Mərkəzi Avropa vaxtı ilə göstərilib.