AFFA-nın 30 illik yubileyi münasibətilə bu gün Bakı Olimpiya Stadionunda futbol festivalı təşkil olunub.
Festival çərçivəsində AFFA, Klublar və PFL, Veteranlar, Hakimlər, Sponsorlar, Azarkeşlər, Media və Könüllülərdən ibarət 8 komandanın iştirakı ilə futbol turniri keçirilib. Üçüncü yer uğrunda oyunda Media və Sponsorlar komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Media komandası turniri 3-cü pillədə başa vurub. Final qarşılaşmasında isə AFFA və Veteranlar komandası üz-üzə gəlib. AFFA rəhbərliyinin, futbol ictimaiyyətinin nümayəndələrinin, İcraiyyə Komitəsinin üzvlərinin də izlədiyi həlledici qarşılaşma 4:3 hesabı ilə Veteranlar komandasının xeyrinə başa çatıb. Final oyunundan sonra qalib komandaların mükafatlandırma mərasimi təşkil olunub. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, baş katib Sərxan Hacıyev və AFFA-nın sabiq baş katibləri Çingiz İsmayılovla Fuad Əsədov iştirak edib. Əvvəlcə turniri 3-cü pillədə başa vuran Media komandası mükafatlandırılıb. Media komandasının kapitanına medalı futbol veteranı, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov təqdim edib. Turniri ikinci sırada tamamlayan AFFA komandasının kapitanına isə medalı AFFA-nın digər sabiq baş katibi Fuad Əsədov verib. 30 illik yubiley münasibətilə təşkil olunan futbol turnirinin qalibi olan Veteranlar komandasının kapitanı Yunis Hüseynova kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.