İyulun 22-də Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Olimpiya Stadionu birgə təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirilib. Çox sayda qələm sahibinin qatıldığı tədbir arenanın Media İş Mərkəzində baş tutub.
Mərasimin ən maraqlı hissəsi isə Media Komitəsinin təsis etdiyi nominasiyalar üzrə təltifetmələr olub. 7 qalib müəyyənləşib ki, ilk olaraq Fəxri Diplom və pul mükafatı Şakir Yaqubova təqdim edilib. “Ənənələrə hörmət” nominasiyasında seçim məhz bu tanınmış qələm sahibi, sabiq idman jurnalistinin üzərində dayanıb. Mükafatı ona Mahir Rüstəmli təqdim edib.
Digər qaliblər isə bunlar olub: “İlin reportyoru” – Ruslan Mikayıllı (azerisport.com), “İlin köşə yazarı” – Elçin Cəlilov (futbolpress.az), “İlin fotoqrafı” – Qənbər Cəlilov (AFFA), “İlin şərhçisi” – Elnur Məmmədli (CBC Sport), “İlin mətbuat katibi” – Aslan Şahgəldiyev (PFL), “İlin idman yazarı” – Sərxan Musalı (“Futbol+” qəzeti).
Tədbirdə sonra söz Şakir Yaqubova və Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyevaya verilib.
Rəsmi hissə bitdikdən sonra jurnalistlər yemək masası arxasına dəvət olunublar, onların uşaqları üçün isə əyləncəli proqram təqdim olundu.