İlin yekunları - 2019

Geridə qoyacağımız 2019-cu il SOCAR-ın Bakı Olimpiya Stadionu üçün yadda qalan xatirələrlə dolu oldu. Stadionda il ərzində təşkil olunmuş layihələrdən ən öndə gələni UEFA Avropa Liqası 2019-un finalıdır. İki ingilis nəhəngi kubok üçün 29 May 2019-cu ildə Bakı Olimpiya Stadionuna çıxdı. Finala hazırlıq zamanı ictimai və sosial yönümlü layihələr həyata keçirildi: sosial korporativ məsuliyyət çərçivəsində görmə qabiliyyəti olmayan azarkeşlər üçün xüsusi audio-təsvir sistemi tətbiq olundu, digər qrup məhdudiyyətli azarkeşlər üçün isə şəraitlər təkminləşdirildi.

Sözügedən tədbirlə bağlı BOS-da media nümayəndələri üçün intellektual yarış, futbol sevənlər üçün kiber çempionat, Avropa Liqasının layihəsində iştirak edən könüllülər üçün festival da baş tutmuşdur.

Çoxməqsədli arena olaraq, SOCAR-ın Bakı Olimpiya Stadionu müxtəlif tipli digər layihələr və tədbirlər də ev sahibliyi etdi.

Fevral-mart aylarında Sabunçu və Nizami RİH ilə birlikdə stadiona üç min şagird dəvət olunaraq, stadionun infrastrukturu ilə yaxından tanış olublar.

Hər il mart ayında ənənəvi olaraq “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində yüzə yaxın şagird Naxçıvan MR-dan paytaxtımıza gəlmişdilər. Səfər çərçivəsində ziyarət edilən məkanlardan biri də SOCAR-ın Bakı Olimpiya Stadionu idi.

Futbolun inkişafı proqramı çərçivəsində AFFA ilə birlikdə aprel ayında 4-14 yaşlı qızlar üçün “Məqsədinlə yaşa” futbol festivalı keçirildi.

5 may tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ənənəvi “Bakı Marafonun” finiş nöqtəsi məhz BOS-da təyin olundu. İctimaiyyət üçün burada azarkeşlər zonası və əyləncəli proqram təşkil olundu, Fan Zonaya 20000-ə yaxın insan gəlmişdi.

26-29 avqust tarixlərində BOS daha bir fərqli tədbirə ev sahibliyi etdi. Rabitə, Yüksək Texnoloqiyalar və Nəqliyyat Nazirliyi və “AzInTelecom” şirkətinin birgə təşkilatçılığı ilə “AzCloud Hackathon-2019” yarışı iki yüz gəncin iştirakı ilə baş tutdu. Gənclər üç gün boyunca onlara verilən texniki və informasiya texnoloqiyalar üzrə tapşırığı həll etməyə çalışıblar, fərqlənən komandalar isə dövlət müəssisələrində işlə təmin olublar.

2019-cu ili bitirməyə doğru gedərkən Dekabr ayı daha 2 sosial yönümlü layihə BOS-da baş tutacaqdır. 19 Dekabr tarixində AFFA və BOS valideyn himayəsindən məhrum uşaqları stadiona dəvət edərək, onlara Yeni İl şənliyi keçirəcəkdir. 29 Dekabr tarixində isə artıq 3-cü dəfə stadionda baş tutacaq Gələcəyini Qur layihəsinin yekun buraxılışı olacaq. Layihə Bakı və regionlarımızda bakalavr imtahanlarına hazırlaşmağa maddi çətinlik çəkən uşaqların təhsilinə yönəlmiş layihədir. Layihəni uğurla başa vurmuş və tələbə və məzun adı qazanmış gənclər layihənin hesabat buraxılışına qatılacaqlar.

Ölkəmizdə idmanın inkişafının müasir simvolu olaraq, SOCAR-ın Bakı Olimpiya Stadionu turistlərin diqqətini də cəlb edir. Beləliklə, hər həftə xarici vətəndaşlar, həmçinin yerli məktəblilər, tələbələr stadionu ziyarət edirlər, fəaliyyətimizlə yaxından tanış olurlar.

Müasir iş standartlarına uyğun olaraq, BOS-da çalışan əməkdaşlar üçün təlimlər keçirilir: hər əməkdaş iş yerində təlimatlandırma, ilkin tibbi yardım, yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı təlimatlardan keçirlər. Eyni zamanda, stadionun ərazisində çalışan texniki xidmət və mühafizə əməkdaşları, həmçinin icarədarlar üçün yanğın söndürmə praktiki təlimi həyata keçirilib. Gündəlik hava proqnozuna əsasən, müvafiq olaraq işçilərə əməyin əhlükəsizliyi ilə bağlı məlumat verilir.

Stadionda əməkdaşlar və icarədarlar üçün fəaliyyət göstərən yeməkxanada Azərbaycan Respublikası Dövlət Qida Təhlükəsiliyi Agentliyi nümayəndələri ilə birlikdə baxış keçirilib, göstərilən iaşə xidmətləri müsbət qiymətləndirilib.

Hava şəraitindən asılı olmayaraq sevimli komandasını dəstəkləyən azarkeşləri və tamaşaçılarının iştirakı və dəstəyinə görə; istənilən miqyaslı tədbirləri tamamlayan könüllülərə; fəaliyyətimizi obyektiv şəkildə əhatə edən media nümayəndələrinə; tədbirlərin bütün iştirakçılarının təhlükəsizliyini təmin edən dövlət qurumları və orqanları; ARDNŞ; tədbirlərin təşkilatında iştiral edən AFFA əməkdaşlarına; UEFA Avropa Liqasının final oyunun Yerli Əməliyyat Komitəsinə; icarədarlar və tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk.

Yeni İliniz Mübarək!