BOS-da Piknik Zonası fəaliyyətə başlayır

Bakı Olimpiya Stadionu yenə fərqli layihə ilə gəlir.

İsti yay aylarını çimərliklərdə və uzaq rayonlarda keçirmək istəməyənlər üçün Piknik Zona yaratdıq. Keçən ilin İyul ayı baş tutan AVRO-2016 Fan Zonasından sonra gələn çoxsaylı tələb və istəklər nəzərə alınaraq, şəhərdə belə bir ailəvi piknik zonanın yaradılması qərarına gəldik. Siz burada ailənizlə və dostlarınızla gəlib dincələ və uşaqlarınızı oyun zonasında əyləndirə bilərsiniz.

5 Avqustdan etibarən fəaliyyət göstərəcək Piknik Zonamızda futbol, voleybol, stolüstü oyunlar oynaya və özünüzlə gətirdiyiniz təamları dada bilərsiniz. Yayın aylarının isti günlərini nəzərə alaraq Piknik Zonası hər gün 2 növbədə səhər 8-dən 11-ə qədər və axşam 6-dan 9-a qədər fəaliyyət göstərəcək. Hər kəsin büdcəsinə uyğun olacaq Piknik Zonada qida və içki gətirmək də sərbəst olacaqdır. Əlavə olaraq, paytaxtın ən sərfəli velosiped icarəsi də məhz Bakı Olimpiya Stadionunda olacaqdır.

Qiymət və keyfiyyətdə fərqlənəcək olan xidmətimizdə Siz yalnız Stadion ərazisində deyil həm də Böyükşor Bulvarında da velosipedləri sürə bilərsiniz. Əyləncə və sürprizlərə son qoymayaraq hər Şənbə günü axşam 20:00-dan 21:00-dək böyüklər üçün Yoqa dərsi, balacalarımız üçün isə master-klass da Bakı Olimpiya Stadionu tərəfindən pulsuz olaraq təşkil olunacaq.

Əlavə məlumat və rezervasiyalar üçün: +994 55 822 64 10; +994 12 422 64 10/15