Mançester Yunayted futbol məktəbi Bakı Olimpiya Stadionunda məşq keçdi

Mançester Yunayted futbol məktəbinin 42 nəfər gənc istedadı Bakı Olimpiya Stadionunu ziyarət etdi. Ziyarətin əsas məqsədi stadionun infrastrukturu ilə tanışlıq və gələcək təlimlər üçün ev sahibliyi məsələləri oldu. Ziyarət zamanı uşaqlar texniki ərazilərdə stadion turu keçdilər və futbol oyunlarının pərdəarxası prosesləri ilə tanış oldular. 7-12 yaşarası olan gənc istedadlar yüksək nizam-intizam göstərdilər, stadion və meydança haqqında maraqlı suallar verdilər və sanki bir azərkeş kimi öz məşqçilərinə və valideynlərinə tribunadan nəğmələri söylədilər. Stadion turundan dərhal sonar gənc futbolçuların isinmə meydançasında məşqləri başladı. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, uşaqlar həftədə iki dəfə məşq keçirlər və hər həftə yoldaşlıq qarşılaşmaları təşkil edirlər.

Məktəbin baş məşqçisi Mik Bennet stadion haqqında bu fikirləri bildirdi: “Olimpiya Stadionunun ot örtüyü çox yüksək keyfiyyətə malikdir, görkəmli infrastruktur burada məşq keçən bütün idmançılar üçün böyük motivasiya olur”.

Layihənin kordinatoru Ramin Həsənovun sözlərinə görə, uşaqlar stadionun atmosferindən məmnun qaldılar və ümid edir ki, onlar buraya yalnız məşqlər zamanı yox, həm də gələcəkdə peşəkar futbolçu olduqları zaman da gələcəklər.

Xatırlatmaq istərdik ki, Mançester Yunayted Futbol Məktəbi Bakıda AFFA-nın təşəbbüsü, Bakcell və Mançester Yunaytedin dəstəyi ilə 2014-cü ildə qurulmuşdur. Hal-hazırda məktəbdə 44 uşaq məşq edir, onlar bütün ölkə üzrə seçimlərdən sonar bütün mərhələləri keçərək qatılmışlar.

Biz də öz növbəmizdə bütün idmançılarımıza uğur və qələbələr arzulayırıq.

Turdan və məşqdən olan şəkilləri nəzərinizə çatdırırıq.