Bakı Olimpiya Stadionu AFFA-ya verildi

Gənclər və İdman Nazirliyi Bakı Olimpiya Stadionunu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib.

AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.

Qarayev Cavid Azər oğlu 1977-ci il sentyabrın 14-də anadan olub. Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya ixtisasına yiyələləndikdən sonra Rusiyanın San-Marino Universitetinin Biznes və İdarəetmə ixtisası üzrə magistr dərəcəsi və American University in London (hazırda American Intercontinental University, London) “Biznesin idarə olunması” üzrə bakalavr dərəcəsi alıb.

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. MOST-BANK Azərbaycan (hazırda STANDARD-BANK) Kredit kartları üzrə baş mütəxəssis, Azərbaycan Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Borc Öhdəlikləri Bazarının tənzimlənməsi şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri, Azərbaycan (BTC) Limited Bakı-Tbilisi-Ceyhan boru kəməri Əsas Maliyyə Mütəxəssisi, RAO Belrusneftegaz Neft və Qaz Servis və Tikinti üzrə Rusiya Şirkətinin Azərbaycan Nümayəndəliyinin Baş direktoru vəzifələrində çalışıb. 2007-ci ilin noyabr ayından AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Marketinq rəhbəri olub. UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FIFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdır.